FAQ
Kimlər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alına bilərlər?
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş adambaşına uçot normasından az təmin olunmuş və aztəminatlı hesab edilən istənilən şəxs (ailə) yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə alına bilər.
Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil təminatı hansı qaydada həyata keçirilir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçota alınmış uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Vətəndaş yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması məqsədilə rayon (şəhər) icra hakimiyyəti orqanlarına müraciət etməlidir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pulsuz olaraq verilmiş minik avtomobilinin sənədləşdirilməsinə icazə verilməsi üçün hansı sənədlər tələb olunur?
Minik avtomobilinin sənədləşdirilməsinə icazə verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
1. Ərizə;
2. Şəxsiyyəti təsdiq edən sənəd (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
3. Minik avtomobilini almış imtiyazlı şəxsin notarial qaydada təsdiq olunmuş ölüm haqqında şəhadətnaməsinin surəti;
4. Minik avtomobilinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
5. Minik avtomobilini mülkiyyətinə keçirəcək varisin yazılı müraciəti və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
6. Vəfat etmiş şəxsin varislərinin adlı siyahısı (təsdiq olunmuş arayış formasında), yazılı müraciətləri və şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surəti."
Yaşayış yeri olmayan məzunların mənzil təminatı ilə bağlı təqdim edilən sənədlərə hansı halda imtina edilir?
Aşağıdakı hallarda yaşayış yeri olmayan məzunların mənzil təminatı ilə bağlı təqdim edilən sənədlərə imtina edilir:
- Sənədlər tam təqdim edilmədikdə;
- Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdud və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
- Sənədlərə baxılanadək müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;
- Ətrafdakılara təhlükə yaradan yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;
- Valideynlərinin vəfat etməsini və ya valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənədlər (o cümlədən məhkəmə qərarı) təqdim edilmədikdə;
- Valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaqlar üçün sosial xidmət müəssisəsindən və ya təhsil müəssisəsindən məzun olmadığı halda (hər hansı bir səbəbdən müəssisəni vaxtından əvvəl tərk etdikdə).
Məzun evi sosial müəssisəsinin sakini olan məzunların hansı hüquqları var?
1. Sanitariya-gigiyena tələblərinə cavab verən yaşayış sahəsi ilə təmin olunmaq;
2. Hüquq və vəzifələri barədə Müəssisə rəhbərliyindən məlumat almaq;
3. Hüquqlarının təmin edilməsi ilə bağlı məsələlərə dair Müəssisə rəhbərliyinə müraciət etmək;
4. Müəssisədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşayış yeri üzrə qeydiyyata düşmək;
5. Ailə üzvlərini (əri, arvadı, uşaqları) həmin yaşayış sahəsinə köçürmək.
Əlilliyi olan şəxs vəfat etdikdə dövlət tərəfindən ona verilmiş minik avtomobili vətəndaşın həyat yoldaşı yoxdursa rəsmiləşdirilmə hansı sənədlər əsasında həyata keçirilir?
1. Pulsuz minik avtomobili almış əlilliyi olan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti (Notarial qaydada təsdiq olunmuş);
2. Minik avtomobilin texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş);
3. Varislik haqqında arayış (Notarial qaydada təsdiq olunmuş);
4. Avtomobil mülkiyyətinə keçiriləcək varisin ərizəsi;
5. Avtomobil mülkiyyətinə keçiriləcək varisin şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);
6. Digər varislərin şəxsiyyət vəsiqələrinin surəti və razılıq ərizələri (Notarial qaydada təsdiq olunmuş).
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış hansı vətəndaşlar mənzillə təmin edilirlər?
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamları ilə əhatə olunan imtiyazlı şəxslərin mənzil təminatı həyata keçirilir.
"Məzun evi" sosial müəssisəsi harada yerləşir?
Abşeron rayonu, Masazır kəndi, “Duz zavodu” yolu, 2-ci massiv, ev 1, 2, 3.
Yaşayış yeri olmayan məzunların mənzil təminatı ilə bağlı təqdim edilən sənədlərə müsbət qərar verilməsi sonda nə ilə nəticələnir?
Yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən mənzil təqdim edilir və SXA ilə məzun arasında mənzilin təhvil verilməsi haqqında "Təhvil-təslim Aktı" imzalanılır.
"Məzun evi" sosial müəssisəsinin yaradılmasında məqsəd nədir?
Müəssisə dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır.
Məzunla bağlanmış müqaviləyə hansı halda vaxtından əvvəl xitam verilir?
1. Mənzil müqavilənin şərtlərini pozmaqla istifadə edildikdə;
2. Mənzil üçüncü şəxslərin istifadəsinə verildikdə;
3. Məzunun səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən mənzil mühüm təhlükəyə məruz qaldıqda;
4. Mənzili əvəzsiz istifadəyə götürmüş subay məzun vəfat etdikdə;
5. Məzun daimi yaşayış sahəsi əldə etdikdə;
6. Müəssisənin direktoru tərəfindən edilən xəbərdarlığa baxmayaraq, müəssisənin daxili intizam qaydalarını ay ərzində təkrar pozduqda.
Əlilliyi olan şəxs səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtonəqliyyatını idarə etməkdə çətinlik çəkərsə və avtomobilin idarəetməsini ailə üzvünə və ya digər şəxsə həvalə edərsə, bu hal necə tənzimlənir?
İmtiyazlı şəxslə eyni yaşayış məntəqəsində yaşayan ailə üzvünə minik avtomobilini idarə etmə hüququnun verilməsi ilə bağlı sənəd siyahısı:
1. Pulsuz avtomobil almış əlilliyi olan şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
2. Avtomobilin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;
3. İdarə etmək hüququ verilən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
4. İdarə etmək hüququ verilən şəxsin sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
5. Hər iki şəxsin yaşayış yerindən arayış;
6. Pulsuz minik avtomobili almış imtiyazlı şəxsin ərizəsi.
Vəfat etmiş əlilliyi olan şəxsin ona verilmiş minik avtobilinin ailə üzvündən birinin adına rəsmiləşdirilməsi üçün hansı sənədlər tələb olunur?
1. Pulsuz minik avtomobili almış əlilliyi müəyyən edilmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);
2. Avtonəqliyyatın qeydiyyat şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);
3. Nikah haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
4. Minik avtomobilini mülkiyyətinə keçirəcək varisin yazılı müraciəti;
5. Minik avtomobilini mülkiyyətinə keçirəcək varisin şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş).
6. Avtonəqliyyat ailə üzvünün adına rəsmiləşdirildikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeydiyyatından çıxarılır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə kimlər təmin oluna bilər və mənzil növbəsinə götürülməsi üçün müraciət hara edilməlidir?
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamlarına əsasən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eyni zamanda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən mərhələlərlə və növbəlilik qaydasında mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.
Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə 16 avqust 2021-ci il tarixinədək Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda uçota alınmış gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil təminatı həyata keçirilir.
Vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün aidiyyəti üzrə rayon (şəhər) icra hakimiyyəti orqanlarına müraciət edilməlidir.
Məzunla bağlanmış müqavilənin müddəti nə qədərdir?
Müqavilə müddət göstərilmədən bağlanılır.
"Məzun Evi" sosial müəssisəsi nədir?
“Məzun evi” sosial müəssisəsi - etnik və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlar üçün nəzərdə tutulmuş yaşayış evidir.
"Məzun Evi" sosial müəssisəsinin sakini olan məzunların hansı vəzifələri var?
Məzunların aşağıdakı vəzifələri var:
- Daxili intizam qaydalarına riayət etmək;
- Yaşayış sahəsinin yararlı vəziyyətdə saxlanılmasını təmin etmək;
- Əvəzsiz istifadəyə götürülmüş yaşayış sahəsi üzrə kommunal xərcləri vaxtında ödəmək;
- Yanğın təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına əməl etmək.
Yaşayış yeri olmayan məzunların qəbulu ilə bağlı təqdim edilən siyahıda hansı sənədlər öz əksini tapmalıdır?
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan siyahıdakı məzunlardan Müəssisəyə qəbul üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
2. Dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış (dövlət uşaq müəssisəsini tərk etməsi və valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, yaşayış sahəsinin olmaması barədə məlumat);
3. Sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə);
4. Şəxsin qeydiyyatda olduğu rayon üzrə arayış;
5. Daşınmaz əmlak barədə arayış;
6. Bələdiyyədən torpaq mülkiyyətçisi olmasına dair arayış,
Yaşayış yeri olmayan məzunların mənzillə təmin edilməsi məsələsinə baxılması üçün təqdim edilən siyahıda hansı sənədlər öz əksini tapmalıdır?
İnternat məzunlarından mənzillə təmin edilməsi məsələsinə baxılması üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
2. Dövlət uşaq müəssisəsi tərəfindən verilmiş arayış (dövlət uşaq müəssisəsini tərk etməsi, valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, yaşayış sahəsinin olmaması barədə məlumat);
3. Sağlamlıq haqqında tibbi arayış (yoluxucu xəstəliklərin daşıyıcısı olub-olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə);
4. Şəxsin qeydiyyatda olduğu ünvan üzrə arayış;
5. Mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə arayış;
6. Bələdiyyədən torpaq mülkiyyətçisi olub-olmamasına dair arayış.
Hansı kateqoriyadan olan şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə təmin olunur?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik qaydasında pulsuz avtomobil ilə təmin edilirlər. Qeyd edilən Qaydanın 3.1-ci maddəsində Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci maddəsinə əsasən xüsusi səbəblərdən əlilliyi müəyyən olunmuş, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, həmçinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlilliyi müəyyən olunmuş şəxslərin reabilitasiya vasitəsi olaraq minik avtomobili ilə təmin edilmələri nəzərdə tutulmuşdur.
Hansı kateqoriyadan olan şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə növbədənkənar təmin olunurlar?
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə təyin edilmiş əmək pensiyasının məbləği ilə orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əmək pensiyasının məbləği arasında fərq varmı?
Xeyr, əlilliyə görə əmək pensiyaları orqanizmin funksiyalarının pozulmasının faiz dərəcələrindən asılı olmayaraq eyni qayda və şərtlərlə hesablanır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlara Nazirlik tərəfindən təqdim edilən mənzillərdə su, qaz, işiq problemi olduqda, məsələ ilə bağlı müraciəti hara etməlidir?
Qeyd edilən çətinliklərlə bağlı "Məzun evi" Sosial Xidmət Müəssisəsində mənzillə təmin edilmiş şəxslər müəssisə rəhbərliyinə, digər yerlərdə məzillə təmin edilmiş imtiyazlı şəxslər isə aidiyyəti üzrə rayon İcra Hakimiyyətlərinə müraciət edə bilərlər.
Yenilənmə tarixi: 12.07.2025