Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, e-social.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

FAQ

Videoqəbul zamanı nələr qadağandır?

Videoqəbul zamanı qəbul otağına vətəndaşın video və audio yazı qurğusu, həmçinin mobil telefon aparması qadağandır. Videoqəbul zamanı konfidensiallığı təmin etmək məqsədilə vətəndaşın otaqda tək olmasına şərait yaradılır, qəbul prosesinin üçüncü şəxslər tərəfindən birbaşa və ya digər formada izlənilməsinə yol verilmir.

DOST Agentliyinin İdarə Heyəti sədrinin vətəndaş qəbulu hansı qrafiklə həyata keçirilir?

Həftədə bir gün olmaqla həyata keçirilir.

Vətəndaşların rəhbər vəzifəli şəxslərin qəbuluna yazılması kim tərəfindən həyata keçirilir?

Vətəndaşların DOST Agentliyinin İdarə Heyətinin sədrinin, sədr müavinlərinin, Aparatının struktur bölmə rəhbərlərinin qəbuluna yazılması mərkəzləşdirilmiş qaydada müvafiq struktur bölmə tərəfindən, Cəmiyyət rəhbərlərinin, habelə Mərkəzlərin rəhbər və müavinlərinin qəbuluna yazılması isə müvafiq qurumun qəbul işi üzrə məsul şəxsi tərəfindən həyata keçirilir.

Regionlarda olan "DOST" mərkəzlərində və Cəmiyyətlərdə Agentliyin rəhbər vəzifəli şəxslərinin qəbulu necə həyata keçirilir?

Regionlarda olan DOST mərkəzlərində və DOST Agentliyinin yaratdığı hüquqi şəxslərdə DOST Agentliyinin rəhbər vəzifəli şəxslərinin qəbulu ilə bağlı müraciət etmiş vətəndaşlarla görüş videoqəbul formatında həyata keçirilir.

Vətəndaşların rəhbər vəzifəli şəxslərin qəbuluna yazılarkən növbəlilik qrafiki necə hazırlanır?

Vətəndaşlardan daxil olan müraciətlər qəbul edildikdən sonra qəbulla bağlı növbəlilik qrafiki hazırlanır. Qəbulun tarixi, yeri, saatı, növbə sırası barədə vətəndaşların müraciətləri zamanı təqdim etdikləri əlaqə vasitələri ilə əlaqə saxlanılaraq məlumat verilir. Eyni zamanda qəbulla bağlı müraciətlərin növbəlilik qrafiki müvafiq olaraq DOST Agentliyinin İdarə Heyətinin sədri, sədr müavinləri, Aparatın struktur bölmə rəhbərlərinə, DOST Agentliyinin yaratdığı hüquqi şəxslərin rəhbərlərinə, habelə DOST mərkəzlərinin rəhbər və müavinlərinə təqdim edilir.

Videoqəbul zamanı hansı hallarda müraciət şifahi qaydada cavablandırılır?

Vətəndaşın müraciətində etdiyi məsələnin həlli əlavə araşdırma tələb etmədikdə, vətəndaşın razılığı ilə müraciət videoqəbul zamanı şifahi qaydada cavablandırılır.

Vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə qəbul başqa hansı formatlarda həyata keçirilə bilər?

Vətəndaş rahatlığının təmin edilməsi məqsədilə uyğun texniki avadanlıqların olduğu hallarda qəbul videoqəbul formatında həyata keçirilə bilər.

DOST Agentliyinin yaratdığı hüquqi şəxslərdə vətəndaş qəbulu kim tərəfindən həyata keçirilir?

DOST Agentliyinin yaratdığı hüquqi şəxslərin rəhbərləri tərəfindən vətəndaş qəbulu həyata keçirilir.

Hansı halda vətəndaş qəbulu təxirə salına və ya başqa tarixə keçirilə bilər?

Qəbula yazılmış vətəndaş qabaqcadan müəyyən edilmiş və barəsində məlumatlandırılmış vaxtdan 30 dəqiqə keçməsinə baxmayaraq qəbulun keçirildiyi yerə yaxınlaşmadıqda qəbul təxirə salınır. Bu halda vətəndaş ilə əlaqə saxlanılaraq qəbul digər tarixə keçirilə bilər.

"DOST" mərkəzlərinin rəhbər müavinlərinin vətəndaş qəbulu hansı qrafiklə həyata keçirilir?

Həftədə iki gün olmaqla həyata keçirilir.

Vətəndaşların qəbulu zamanı müraciətləri nə vaxt elektron qaydada həyata keçirilir?

Vətəndaşın müraciəti şifahi olaraq tam cavablandırıldığı halda, qəbulu həyata keçirən rəhbər şəxs tərəfindən müraciətin sonlandırılması, şifahi müraciətlərin qeydiyyata alınması, qəbulla bağlı aidiyyəti rəhbər vəzifəli şəxslərə məruzə edilməsi, qəbul vaxtının dəqiqləşdirilməsi, verilmiş cavabların rəsmiləşdirilməsi və s. bu kimi əməliyyatlar,  həmçinin qəbul zamanı verilmiş tapşırıqlar elektron qaydada həyata keçirilir.

Kimlər DOST Agentliyinin İdarə Heyəti sədrinin qəbuluna birbaşa yazıla bilər?

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak etmiş şəxslər, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailəsi üzvləri.

DOST Agentliyində hansı rəhbər şəxslər üçün qəbul qrafiki tərtib edilir?

DOST Agentliyinin İdarə Heyəti sədrinin, sədr müavinlərinin, Aparatının struktur bölmə rəhbərlərinin, DOST Agentliyinin yaratdığı hüquqi şəxslərin rəhbərlərinin, habelə "DOST" mərkəzlərinin rəhbər və müavinlərinin qəbul qrafiki tərtib edilir.

Vətəndaşlar nazirin və nazir müavinlərinin rayon və şəhərlərdə keçirdikləri görüşlərə necə qəbula yazıla bilərlər?

"Vətəndaşlar nazirin və nazir müavinlərinin, Aparatın rəhbərinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) Aparatının şöbələri, Nazirliyin strukturuna daxil olan qurumları və tabeliyində olan qurumlarının rəhbərlərinin qəbuluna aşağıdakı üsullarla yazıla bilərlər:

  • Nazirliyin Qəbul otağına müraciət etməklə;
  • "142-Çağrı mərkəzi”-nə müraciət etməklə;
  • Yazılı müraciət göndərməklə;
  • Onlayn qaydada müraciət etməklə; 
  • Nazirliyin elektron poçt ünvanı vasitəsilə (info@sosial.gov.az)

Yazılı müraciət etməklə vətəndaş qəbula necə yazılır?

Vətəndaşlar fərdi və ya kollektiv şəkildə yazılı formada müraciət etməklə qəbula yazıla bilərlər. Daxil olmuş müraciətlər DOST Agentliyində müvafiq struktur bölmə, "DOST" mərkəzlər və DOST Agentliyinin yaratdığı hüquqi şəxslərdə kargüzarlığı həyata keçirən məsul şəxs tərəfindən qəbul edilir. Bu zaman yazılı müraciət vətəndaş (vətəndaşlar) tərəfindən imzalanmalı, vətəndaşın adı, soyadı, atasının adı, ünvanı, əlaqə telefonları, yaxud işlədiyi yer dəqiq göstərilməli, müraciətin məzmunu aydın və başa düşülən formada olmalıdır. Anonim müraciətlərə baxılmır.

DOST Agentliyinin aparatında, "DOST" mərkəzlərində, habelə DOST Agentliyinin yaratdığı hüquqi şəxslərdə vətəndaş qəbulu hansı gün və saatlarda həyata keçirilir?

Vətəndaşların qəbulu təsdiq olunmuş qrafik əsasında həftənin iş günləri saat 10:00-dan 18:00-dək Agentlik, Mərkəzlər, habelə Cəmiyyətlərin inzibati binalarında bu məqsədlə təşkil olunmuş qəbul otağında aparılır.

Qəbul qrafikində hər hansı bir dəyişiklik baş verdikdə, bu barədə vətəndaşa məlumat verilirmi?

Qəbul qrafikində hər hansı dəyişiklik baş verdikdə Agentlikdə müvafiq struktur bölmə, Mərkəzlər və Cəmiyyətlərdə qəbul işi üzrə məsul şəxs tərəfindən vətəndaşa əvvəlcədən əks-əlaqə yaratmaq üçün təqdim etdiyi əlaqə telefonları və ya elektron poçt ünvanları vasitəsilə məlumat verilir və qəbulun kim tərəfindən keçiriləcəyi ona bildirilir.

Qəbulla bağlı müraciətlərin emalı zamanı hansı parametrlər nəzərə alınır?

Aşağıdakı parametrlər nəzərə alınır:
• Müraciətin növü (təklif, ərizə, şikayət və s.)
• Müraciətin məzmunu
• Əvvəllər eyni mövzu ilə bağlı müraciətin olub-olmaması
• Əvvəllər şəxsin qəbulda olub-olmaması
• Müraciətin DOST Agentliyinin səlahiyyətlərinə aid olub-olmaması

Vətəndaşlar DOST Agentliyi üzrə hansı şəxslərin qəbuluna yazıla bilərlər?

DOST Agentliyi, "DOST" mərkəzləri və DOST Agentliyinin yaratdığı hüquqi şəxslər üzrə tərtib olunmuş qəbul qrafikinə uyğun olaraq vətəndaşlar DOST Agentliyinin İdarə Heyəti sədrinin, sədr müavinlərinin, DOST Agentliyinin Aparatının struktur bölmə rəhbərlərinin, DOST Agentliyinin yaratdığı hüquqi şəxslərin rəhbərlərinin, habelə "DOST" mərkəzlərinin rəhbər və müavinlərinin qəbuluna yazılırlar.

Qəbul qrafikində rəhbər vəzifəli şəxslər haqqında hansı məlumatlar əks olunur?

Rəhbər vəzifəli şəxsin vəzifəsinin adı, soyadı, adı, atasının adı, qəbul günləri və saatı əks olunur.

Videoqəbul zamanı müraciətin şifahi cavablandırılması mümkün olmadıqda müraciət necə qəbul edilir?

Müraciətin şifahi cavablandırılması mümkün olmadıqda, yazılı şəkildə təqdim edilməsi təklif olunur.

DOST Agentliyinin aparatında, "DOST" mərkəzlərində, habelə DOST Agentliyinin yaratdığı hüquqi şəxslərdə vətəndaşların qəbulunun həyata keçirilməsi necə tənzimlənir?

Vətəndaşların qəbulunun həyata keçirilməsi qəbul qrafiki əsasında tənzimlənir.

Hansı şəxslər növbədənkənar qəbula yazılırlar?

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində iştirak etmiş şəxslər, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailəsi üzvləri növbədənkənar qəbul edilirlər.

DOST Agentliyinin aparatında vətəndaş qəbulu kim tərəfindən həyata keçirilir?

DOST Agentliyinin İdarə heyətinin sədri, sədr müavinləri və müvafiq struktur bölmə rəhbərləri tərəfindən vətəndaş qəbulu həyata keçirilir.

Vətəndaş ilk dəfə qəbul üçün müraciət etdikdə, birbaşa DOST Agentliyinin İdarə Heyəti sədrinin qəbuluna yazıla bilərmi?

Vətəndaşların qəbula yazılması mərhələli şəkildə aparılır. Belə ki, vətəndaşlar ilk növbədə müraciətinin mövzusuna müvafiq olaraq aidiyyəti "DOST" mərkəzi və ya DOST Agentliyinin yaratdığı hüquqi şəxsin rəhbəri tərəfindən qəbul edilməlidir. Bu mərhələdə qəbulda olmuş vətəndaşa verilmiş izah onu qane etməzsə və yaxud verilən rəsmi cavabdan narazı olarsa, daha yuxarı struktur və vəzifəli şəxs tərəfindən qəbul edilməsi ilə əlaqədar müraciət edə bilər. Müraciəti ilə bağlı DOST Agentliyinin İdarə Heyəti sədrinin kurasiya üzrə müavinlərinin birinin qəbulunda olmuş və narazı qalmış vətəndaş DOST Agentliyinin İdarə Heyəti sədrinin qəbuluna yazıla bilər.

"DOST" mərkəzlərinin rəhbərlərinin vətəndaş qəbulu hansı qrafiklə həyata keçirilir?

Həftədə iki gün olmaqla həyata keçirilir.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavinlərinin vətəndaş qəbulu hansı qrafiklə həyata keçirilir?

Həftədə bir gün olmaqla həyata keçirilir.

142 “Çağrı mərkəzi”-nə müraciət etməklə vətəndaş qəbula necə yazılır?

142 “Çağrı mərkəzi” vasitəsilə qəbula yazılmaq istəyən vətəndaşlar qeydiyyata alındıqdan sonra onların müraciətləri operator tərəfindən xüsusi müraciət formasında qeyd olunur və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemində elektron qaydada qeydiyyatdan keçirilərək DOST Agentliyinə yönləndirilir.

Hansı hallarda vətəndaşın müraciəti aidiyyəti üzrə başqa quruma yönləndirilir?

Qəbulla bağlı müraciətlər DOST Agentliyinin səlahiyyətlərinə aid olmadıqda müraciət 3 (üç) iş günündən gec olmayaraq aidiyyəti üzrə yönləndirilir və müraciət edən şəxsə bu barədə məlumat verilir.

DOST Agentliyinin hansı struktur bölmələrində vətəndaş qəbulu həyata keçirilir?

DOST Agentliyinin aparatında, "DOST" mərkəzlərində, habelə Agentliyin yaratdığı hüquqi şəxslərdə vətəndaşların qəbulu həyata keçirilir.

Videoqəbul həyata keçirilərkən vətəndaşın müraciəti şifahi qaydada cavablandırılmadıqda nə tərtib edilir?

Müraciətin birbaşa cavablandırılması mümkün olmadıqda, onun araşdırmaya qəbul edilərək sonradan cavablandırılması məqsədilə müraciət vərəqəsi tərtib edilir.

"DOST" mərkəzlərində vətəndaş qəbulu kim tərəfindən həyata keçirilir?

"DOST" mərkəzlərinin rəhbər və müavinləri tərəfindən vətəndaş qəbulu həyata keçirilir.

Onlayn və elektron poçt ünvanı vasitəsilə vətəndaş qəbula necə yazılır?

Vətəndaşlar DOST Agentliyinin (Agentlik) dost.gov.az internet portalı vasitəsilə qəbula yazılmaqla bağlı müraciət edə bilər. Portal vasitəsilə müraciətlər Agentliyin dost_info@sosial.gov.az elektron poçt ünvanına daxil olur və müvafiq struktur bölmənin vətəndaş müraciətləri ilə iş üzrə fəaliyyəti həyata keçirən struktur vahidi tərəfindən icrası təmin edilir. Vətəndaşlar Agentliyin elektron poçt ünvanı vasitəsilə (dost_info@sosial.gov.az) qəbula yazılmaqla bağlı müraciət edə bilərlər. Agentliyin elektron poçt ünvanı vasitəsilə daxil olmuş müraciətlər məzmunu nəzərə alınmaqla müvafiq struktur bölmənin vətəndaş müraciətləri ilə iş üzrə fəaliyyəti həyata keçirən struktur vahidi tərəfindən qəbul edilir. "DOST" mərkəzlərində, habelə  Agentliyin yaratdığı hüquqi şəxslərdə onlayn (veb-səhifə) və elektron poçt üzərindən qəbulla bağlı müraciətlər qəbul üzrə məsul şəxs tərəfindən qəbul edilir.

Vətəndaşlar DOST Agentliyinin İdarə Heyətinin sədrinin, sədr müavinlərinin, DOST Agentliyinin Aparatının struktur bölmə rəhbərlərinin, DOST Agentliyinin yaratdığı hüquqi şəxslərin rəhbərlərinin, habelə "DOST" mərkəzlərinin rəhbər və müavinlərinin qəbuluna hansı üsullarla yazıla bilər?

Aşağıdakı üsullarla yazıla bilər:
• Müvafiq olaraq DOST Agentliyinə, "DOST" mərkəzlərində və DOST Agentliyinin yaratdığı hüquqi şəxslərdə birbaşa müraciət etməklə;
• 142-"Çağrı mərkəzi"-nə müraciət etməklə;
• Yazılı müraciət göndərməklə;
• Onlayn qaydada müraciət etməklə;
• DOST Agentliyinin, "DOST" mərkəzlərinin və DOST Agentliyinin yaratdığı hüquqi şəxslərin elektron poçt ünvanı vasitəsilə.

Videoqəbul zamanı vətəndaşların müraciəti necə cavablandırılır?

Müraciətlərə "Vətəndaş müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun baxılır və müraciətlər qəbulu aparan rəhbər vəzifəli şəxs tərəfindən birbaşa və ya müraciət vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılır.

DOST Agentliyinin yaratdığı hüquqi şəxslərinin (Cəmiyyətlərinin) rəhbərlərinin vətəndaş qəbulu hansı qrafiklə həyata keçirilir?

Həftədə iki gün olmaqla həyata keçirilir.

Vətəndaşların qəbulu zamanı müraciətləri nə vaxt yazılı formada həyata keçirilir?

Qəbul zamanı vətəndaş tərəfindən qaldırılan məsələlər əlavə öyrənilmə və ya yoxlama tələb etdikdə bu barədə vətəndaş məlumatlandırılır və müraciəti yazılı formada qəbul edilir.

Vətəndaş videoqəbul keçirilən otağa hansı sənəd əsasında buraxılır?

Vətəndaş videoqəbulun keçirildiyi otağa şəxsiyyəti təsdiq edən sənəd əsasında buraxılır.

Videoqəbul zamanı müraciət vərəqəsi tərtib edilərkən vətəndaşların sualları necə cavablandırılır?

Müraciət vərəqəsi tərtib edilmiş müraciətlərin cavablandırılması müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron formada, yaxud müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı və ya telefon əlaqəsi ilə şifahi qaydada həyata keçirilə bilər.

Vətəndaş qəbulu əvvəlcədən müəyyən edilmiş rəhbər vəzifəli şəxs tərəfindən həyata keçirilə bilmədikdə, qəbul kim tərəfindən həyata keçirilir?

Qəbul qrafikində göstərilən rəhbər vəzifəli şəxslər müəyyən olunmuş vaxtda qəbulu həyata keçirə bilmədikdə, qəbul digər aidiyyəti məsul şəxs tərəfindən (hərəkət və ya hərəkətsizliyindən şikayət verilmiş şəxs istisna olmaqla) aparılır, bu mümkün olmadıqda isə qəbul başqa vaxta keçirilir.

Videoqəbullar harada keçirilir?

Videoqəbullar DOST Agentliyinin, "DOST" mərkəzlərinin və DOST Agentliyinin yaratdığı hüquqi şəxslərin inzibati binalarında vətəndaşların qəbulu üçün ayrılmış otaqlarda həyata keçirilir.

DOST Agentliyinin struktur bölmə rəhbərlərinin vətəndaş qəbulu hansı qrafiklə həyata keçirilir?

Həftədə bir gün olmaqla həyata keçirilir.

DOST Agentliyinə, "DOST" mərkəzlərinə və DOST Agentliyinin yaratdığı hüquqi şəxslərə müraciət etməklə vətəndaş qəbula necə yazılır?

Vətəndaş Agentlik, Mərkəzlər və Cəmiyyətlərdə yerləşən məlumat köşkündə əyləşən əməkdaşlara şəxsiyyət vəsiqəsini təqdim edir və Agentlikdə müvafiq struktur bölmə, Mərkəzlər və Cəmiyyətlərdə qəbul üzrə məsul şəxs tərəfindən dinlənilərək müraciətin məzmununa uyğun olaraq müvafiq rəhbər vəzifəli şəxsin qəbuluna yazılır.

Yenilənmə tarixi: 12.07.2025