FAQ
Övladlığa götürmə prosesi hansı mərhələlərdən ibarətdir?
1. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
2. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
3. Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu hansı mərhələlərdən ibarətdir?
1. Övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
3. Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
4. Övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
5. Övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
Uşaq nə zaman rəsmi qaydada övladlığa götürülmüş hesab olunur?
Nazirlik sınaq müddətinin sonunda övladlığa götürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığa götürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 (yeddi) iş günü müddətində rəy hazırlayır. Rəyin hazırlanmasında övladlığa götürmə mərhələləri ilə bağlı sosial işçilərin hazırladıqları hesabatlar (rəylər), valideyn-namizədin təlim nəticələri, eləcə də övladlığa götürülən uşaqların istək və mənafeləri nəzərə alınır. Rəy sənədlərlə birlikdə məhkəməyə təqdim edilir. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.
Qohumlara münasibətdə övladlığa götürmə qaydası necədir?
Qohumların siyahısında olan (bacı, qardaş, nənə, baba, valideynlərin bacı və qardaşları və onların övladları) şəxslər uçota alınır, uçot zamanı onlar barəsində yalnız sağlamlıq və məhkumluğu haqqında məlumatlar əldə edilir və müsahibə keçirilir.
Ər və arvaddan biri Azərbaycan vətəndaşı, digəri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olarsa müraciət etdikdə proses hansı formada həyata keçirilir?
Həmin şəxslər xarici ölkə vətəndaşlarına bərabər tutulur və bu şəxslərə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə eyni şərtlər nəzərdə tutulur.
Uşağın valideyn-namizədin evində sınaq müddətində yerləşdirilməsi necə həyata keçirilir?
Uyğunlaşdırma və müəssisədə uşaqla görüş üçün müəyyən edilmiş müddət bitdikdən sonra sosial işçinin hesabatı əsasında Sosial Xidmətlər Agentliyi tərəfindən uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində 3 ay sınaq müddətində müvəqqəti yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edilir. Bu zaman ərzində uşaqlarla iş üzrə sosial işçi ilk həftədə ən azı üç dəfə, növbəti həftələrdə isə bir dəfədən az olmayaraq ailəni ziyarət edir və valideyn-namizəd və uşaq arasındakı münasibətlərin, uşağın ailədə ümumi vəziyyətinin monitorinqini aparır. Uşağın ailədə yerləşdirilməsinin monitorinqini aparan sosial işçi valideyn-namizədlə uşaq arasında münasibətlərin qurulmasında çətinlikləri olduğu halda onlara köməklik göstərir. Sınaq müddəti zamanı uşağın ölkə hüdudlarından çıxarılmasına yol verilmir.
Övladlığa götürmədən sonra monitorinqin aparılması qaydası necədir?
Övladlığa götürülmə məhkəmə tərəfindən təsdiq edildikdən sonra uşaq 18 yaşına çatanadək övladlığa götürülmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfədən az olmayaraq monitorinq aparılır. Monitorinq zamanı, ailənin ümumi yaşayış şəraiti (təmizlik və sanitar-gigiyenik vəziyyəti), ailənin maddi vəziyyəti, uşağın tibbi və psixi sağlamlıq vəziyyəti; övladlığa götürənlərin tibbi və psixi sağlamlıq vəziyyəti, ailədə uşağa qulluq və qayğı vəziyyəti yoxlanılır.
Övladlığa götürüləcək uşağın adı və soyadının dəyişdirilməsi necə həyata keçirilir?
Valideyn-namizədin xahişi ilə övladlığa götürülən uşağa valideyn-namizədin soyadı və yeni ad verilir. Valideyn-namizəd kişidirsə uşağa ata adı onun adı ilə, qadındırsa uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır.
Məlumatlar övladlığa götürmək istəyən şəxslər tərəfindən təqdim edildikdə hansı müddətdə etibarlıdır?
Sadalanan məlumatlar təqdim olunduqdan sonra 6 ay müddətində qüvvədədir:
1.Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
2.Övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
3.Övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
4.Övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar.
Ögey ata-ana tərəfindən övladlığa götürmək qaydası necədir?
Ögey ata-ana övladlığa götürmə zamanı onlar yalnız uçota alınırlar.
Valideyn-namizədin uşaqla görüşü necə keçirilir?
Təlimin nəticələri müsbət qiymətləndirildikdə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 5 iş günü ərzində və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyi nəzərə alınmaqla, övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçilir və uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşü (görüşlərini) təşkil edilir. Uyğunlaşdırma nəticəsində seçilmiş valideyn-namizədlərin uşaqlarla tanışlıq və ailə bağlarının qurulması məqsədilə Agentlik tərəfindən uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşü təşkil olunur. Bu müddət ərzində sosial işçi hər ay ərzində 8 saatdan az olmamaqla valideyn-namizədi müşahidə edir.
Uçota alındıqdan sonra şəxsi məlumatlarda dəyişiklik olduğu təqdirdə nə etmək lazımdır?
Övladlığa uşaq götürmək üçün valideyn namizədlər notariusda ərizə formasını doldurur. Ərizə notariat orqan tərəfindən altsistemə ötürüldükdən sonra valideyn-namizəd övladlığa götürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-Sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır. Valideyn-namizədin ərizədə təqdim etdiyi ailə tərkibində və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərin tərkibində, eləcə də faktiki yaşadığı ünvanda dəyişiklik olduqda valideyn-namizəd tərəfindən 10 gün ərzində məlumatlar yenilənməklə bu yeni ərizə notarial qaydada təsdiqlənərək altsistemə ötürülür.
Övladlığa götürmə prosesində yaranmış mübahisələr hansı formada həyata keçirilir?
Valideyn-namizədlər övladlığa götürmə prosesi çərçivəsində yaranmış mübahisələrlə bağlı inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər.
Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürmə zamanı valideyn-namizədlərin gəlirlərinə dair hansı tələblər vardır?
Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək arzusunda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əmək haqqının 2 (iki) mislindən az olmamalıdır.
Övladlığa götürmə üçün gəlirlərlə bağlı hansı tələblər var?
Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (300 manat) az olmamalıdır.
Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy mənfi olduqda nə baş verir?
Rəy mənfi olduqda və ya məhkəmə valideyn himayəsindən məhrum olmuş uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və həmin müəssisə tərəfindən uşağın reabilitasiyası məqsədilə tədbirlər görülür.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin uçota alınma qaydası necədir?
Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaydalarda göstərilən məlumatları (daimi yaşadığı ölkənin mərkəzi orqanından rəy) bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edirlər.
Övladlığa götürmək istəyən şəxs (şəxslər) nə zaman uçotdan çıxarılırlar?
Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda Nazirlik tərəfindən uçotdan çıxarılır:
1.Vəfat etdikdə;
2.Müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə;
3.Məcəllədə göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;
4.Məcəllə ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda;
5.Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində.
Uşağa övladlığa götürüldüyü barədə məlumat vermək nə zaman daha uyğun hesab edilir?
Övladlığa götürən şəxslərə 4-6 yaşında olan övladlığa götürülən uşağa psixoloqun və məsul işçilərin iştirakı ilə övladlığa götürüldüyü barədə məlumat verilməsi tövsiyə olunur.
Uşaqlar nə zaman uçotdan çıxarılırlar?
Övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar:
1.Vəfat etdikdə;
2.18 yaşına çatdıqda;
3.Valideyn himayəsindən məhrum olumuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda.
Təlimdə kimlər iştirak etməlidir? Azərbaycan Respublikası ərazisində yaşamayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də iştirakı necə təmin olunur?
Azərbaycan Respublikası vətəndaşları üçün təlimlərdə iştirak məcburidir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər öz ölkələrində təlimi keçdiyinə dair sertifikata sahib olduqda təlimə cəlb edilmirlər. Eyni zamanda, bir dəfə təlimdən keçən şəxslər növbəti müraciət zamanı təlimlərdən azad olunurlar.
Valideyn-namizədlərlə müsahibələr hansı müddət ərzində və hansı formada keçirilir?
Valideyn - namizəd uçota alındıqdan sonra 10 iş günü ərzində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin valideynlərlə iş üzrə sosial işçisi və uşaqlarla iş üzrə sosial işçisi tərəfindən valideyn-namizədlə onun evində 2 müsahibə keçirilir. Birinci müsahibədə valideynlərlə iş üzrə sosial işçi ümumi tanışlıq məqsədilə valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə olan münasibətini öyrənmək məqsədilə məlumatlar əldə edir, eyni zamanda övladlığa götürmə prosesi ilə bağlı valideyn-namizədi məlumatlandırır. İkinci müsahibədə isə uşaqlarla iş üzrə sosial işçi valideyn-namizədin maddi-məişət şəraitinin uşağın tələbatına uyğunluğunu yoxlayır.
Təlimlər nə zaman və hansı müddətdə keçirilir?
Müsahibədən uğurla keçən valideyn - namizədlər 10 iş günü ərzində 30 gündən çox olmayaraq davam edən təlimlərə cəlb edilirlər.
Övladlığa götürməyə icazə verilməyən xəstəliklər hansılardır?
1.Vərəm (aktiv və xroniki) - lokalizasiyasından asılı olmayaraq;
2.I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri - dekompensasiya mərhələsində olan xəstələr;
3.Bədxassəli onkoloji xəstəliklər – III və IV mərhələ;
4.Narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm;
5.İnfeksion xəstəliklər - dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr;
6.Ruhi xəstəliklər;
7.Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər.
Azərbaycan Respublikası vətəndaşı olan uşaq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən övladlığa götürüldükdə monitorinq hansı formada həyata keçirilir?
Ölkə xaricinə övladlığa verilmiş uşaqlara dair rüblük və illik hesabatlar Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyi, səfirlik olmadıqda isə həmin ölkənin müvafiq dövlət qurumu vasitəsilə Nazirliyə təqdim edilir.
Övladlığa götürmə prosesi hansı müddətə həyata keçirilir?
Valideyn-namizədlərlə müsahibələrin, təlimlərin keçirilməsi, uşaqla valideyn-namizədin uyğunlaşma prosesi, sınaq müddətində evdə yerləşdirmə və yekunda məhkəmə qərarının verilməsi müddətləri nəzərə alınmaqla 7-8 aya qədər davam edir. Əcnəbilərə münasibətdə və prosesin gedişatından asılı olaraq müddətdə dəyişiklik ola bilər.
Övladlığa götürmə zamanı məhkəmə prosesinin müddəti nə qədər davam edir?
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə əsasən övladlığa götürmə barədə işlərə 1 ay müddətində baxılır və həll edilir.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə vəziyyətinə dair hansı tələblər mövcuddur?
Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları tərəfindən uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir.
Övladlığa götürmə zamanı uşaqların razılığı tələb olunurmu?
10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 7 yaşına çatmış uşaq övladlığa götürüldükdə, məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır.
Bilə-bilə yanlış və ya təhrif olunmuş məlumat verən şəxslərin məsuliyyəti nədir?
Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etmiş övladlığa götürmək istəyən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1 (bir) il müddətində övladlığa götürmənin bu Məcəllənin 118.1.2-ci maddəsində nəzərdə tutulan mərhələsindən kənarlaşdırılırlar.
Övladlığa götürmədə qəyyumların (himayəçilərin) razılığı tələb olunurmu, müəssisənin necə?
Qəyyumluqda (himayədə) olan uşaqların övladlığa götürülməsi üçün qəyyumlarının (himayəçilərin) notariat qaydasında təsdiq olunmuş yazılı razılığı olmalıdır. Həmçinin sosial xidmət müəssisələrində yerləşdirilmiş uşaqların övladlığa götürülməsi zamanı müəssisə rəhbərlərinin həmin uşaqlarla bağlı fikri öyrənilir.
Övladlığa uşaq götürmək üçün müraciət edən şəxslərin uçota alınma qaydası necədir?
Uçot elektron qaydada həyata keçirilir. Övladlığa uşaq götürmək üçün valideyn namizədlər notariusda ərizə formasını doldurur. Ərizə notariat orqan tərəfindən altsistemə ötürüldükdən sonra valideyn-namizəd övladlığa götürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-Sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır. Valideyn-namizədin ərizədə təqdim etdiyi ailə tərkibində və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərin tərkibində, eləcə də faktiki yaşadığı ünvanda dəyişiklik olduqda valideyn-namizəd tərəfindən 10 gün ərzində məlumatlar yenilənməklə bu yeni ərizə notarial qaydada təsdiqlənərək altsistemə ötürülür.
Övladlığa götürmə hansı hallarda və qaydada ləğv edilə bilər?
Monitorinqlər nəticəsində övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, alkoqolik və narkoman olduqda və digər bu kimi hallar müəyyən edildikdə məhkəmə qaydasında övladlığa götürmənin ləğvi üçün tələb irəli sürülür. Məhkəmə tərəfindən övladlığa götürmənin ləğvi barədə qərar qəbul edildikdən sonra uşaq Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən dərhal müəssisəyə yerləşdirilir və bu Qaydaların 11-ci hissəsinə uyğun olaraq uşaqla bağlı reabilitasiya tədbirləri görülür.
Övladlığa götürmək üçün müraciət edən şəxslərin uçotu zamanı elektron informasiya sistemlərindən hansı məlumatlar əldə edilir? Hansı sənədlər təqdim olunmalıdır?
1.Fərdi məlumatlar (adı, soyadı, ata adı, cinsi, doğum tarixi, doğulduğu yer, FİN-i);
2.Yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan);
3.Vətəndaşlığı;
4.Özü və onunla bir yerdə yaşayan şəxslərin övladlığa götürülməsinə imkan verməyən xəstəliklərin olub-olmamasına dair sağlamlıq haqqında arayış və ixtisaslaşdırılmış psixiatriya müəssisəsinin rəyi;
5.Ailə vəziyyəti barədə məlumat;
6.Nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi;
7.Himayəsində olan uşaqların sayı;
8.Təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
9.Ailə Məcəlləsinin 120.1.8-ci maddəsinin tələbləri çərçivəsində, əmək haqqı və başqa gəlirləri barədə məlumat (o cümlədən, son 12 aylıq dövr üçün bank hesabından çıxarış, mülkiyyətində olan Daşınmaz əmlak və nəqliyyat vasitələri barədə məlumat;
10.Özü və onunla bir yerdə yaşayan şəxslərin Ailə Məcəlləsinin 120.1.6-cı maddəsində göstərilən cinayətlərlə bağlı məhkumluğuna dair məlumatlar (məhkəmənin qanuni qüvvəyə minmiş Hökmünün tarixi, cəzanın növü, müddəti, habelə azad edilmə tarixi, azad edilmə üçün əsas);
11.Özü və onunla bir yerdə yaşayan şəxslərin aliment, kredit və digər maliyyə öhdəlikləri barədə məlumat;
12.Öz qohumunu (bacısı, qardaşı, nəvəsi, qardaşının və ya bacısının övladı, valideynlərinin bacısı və ya qardaşının övladları) övladlığa götürdükdə – qohumluq əlaqələrinin təsdiqi barədə sənəd;
13.Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə – müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi üzrə məlumatlar (nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, verilmə əsası).
Övladlığa götürmə prosesi hansı məhkəmədə aidiyyatı üzrə həyata keçirilir?
Övladlığa götürüləcək uşağın yaşadığı rayon (şəhər) məhkəməsi üzrə həyata keçirilir.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürmə prosesi zamanı sınaq müddətində uşaq necə yerləşdirilir?
Uşaq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan valideyn-namizədin (namizərlərin), o cümlədən əcnəbi və ya vətəndaşlığı olmayan valideyn-namizədlərin ailəsində sınaq müddətində həmin şəxslərin Azərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, Azərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olmadığı halda isə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerlərdə yerləşdirilir.
Kimlər övladlığa uşaq götürə bilməz?
1.Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2.Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3.Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4.Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5.Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
6.Məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
7.Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
8.Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əmək haqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla).
Qohumlar dedikdə kimlər nəzərdə tutulur?
Qohumların siyahısına bacı-qardaş, nənə-baba, valideynlərin bacı və qardaşları həmçinin onların övladları daxildir.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşı olan öz qohumunu övladlığa götürmək istədikdə proses hansı formada olur?
Həmin şəxslər Azərbaycan Respublikası vətəndaşlarından olan qohumunu övladlığa götürmək istəyən şəxslərə bərabər tutulur. Daimi yaşadığı ölkədən rəy alaraq Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim edir.
Kimlərə övladlığa götürmədə üstünlük verilir?
Uşağın övladlığa verilməsi zamanı nikahda olan şəxslərə (azı 3 il (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 (beş) il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə), habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir.
Kimlər himayədar valideyn ola bilər?
1.Yetkinlik yaşına çatmış hər iki cinsdən olan;
2.Evli və ya subay, ən azı ümumi orta təhsili olan;
3.Sağlamlıq vəziyyəti qanunvericliklə nəzərdə tutulmuş tələblərə cavab verən;
4.Ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan;
5.Azərbaycan Respublikasının ərazisində daimi yaşayan;
6.Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün yaşayış minimundan az olmayan;
7.Yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmayan.
Himayədar ailənin yaranması hansı mərhələlərdən ibarətdir?
1.Himayədar valideyn olmaq istəyən şəxslərin uçota alınması;
2.Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən olunması;
3.Nazirlik ilə himayədar valideyn olmaq istəyən şəxslər arasında müqavilənin bağlanması.
Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu necə müəyyən olunur?
1.Himayədar valideyn olmaq istəyən şəxslərlə müsahibə aparılır;
2.Onların maddi-məişət şəraiti müayinə edilir;
3.Təlimlərə cəlb olunurlar;
4.Himayədar valideyn olmaq istəyən şəxslərə uyğun uşaqların və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxslərin seçimi aparılır.
Himayədar valideynlərin hansı vəzifələri var?
1.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq təlimlərində iştirak etmək;
2.Uşağı tərbiyə etmək, fiziki, psixi mənəvi-əxlaqi inkişafı və sağlamlığının qeydinə qalmaq;
3.Sosial işçilərin uşaqla bağlı monitorinqlərin aparmasına və Nazirliyin razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq;
4.Uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün Nazirliklə əməkdaşlıq etmək;
5.Uşaqla birgə ölkə xaricinə getmək zərurəti yarandıqda Nazirliyin rəsmi razılığı almaq;
6.Uşağa mövsümi geyim alınması üçün verilmiş müvinəti təyinatı üzrə istifadə etmək və bu baradə təsdiqedici sənədləri Nazirliyə təqdim etmək;
7.Təyinatı üzrə istifadə etmədikdə müavinəti geri qaytarmaq.
Uşağın himayədar ailəyə verilməsinə dair müqavilə hansı hallarda ləğv edilir?
1.Müqavilənin müddəti başa çatdıqda;
2.Himayədar ailə olmaq istəyən şəxslərin həyat şəraitində baş vermiş dəyişikliklər ilə əlaqədar (xəstəlik və ailə vəziyyətinin dəyişməsi, gəlirləri, uşaqla anlaşmanın olmaması və s) onların müraciətləri olduqda;
3.Himayədar valideynlər və ya himayədar ailəyə verilmiş uşaq vəfat etdikdə;
4.Müqavilənin birtərəfli qaydada ləğvi üçün əsaslar olduqda.
Himayədar ailə övladlığa götürmə və digər qayğı növlərindən nə ilə fərqlənir?
1.Himayədar ailə müqavilə əsasında yaradılır və müvəqqəti xarakter daşıyır;
2.Himayədar ailəyə verilən uşaq həmin ailənin varisi sayılmır və vərəsəlik hüququ yaratmır;
3.Himayədar valideyn (və ya valideynlər) uşaqların qanuni nümayəndəsi hesab edilmir.
Nikahda olmayan şəxslə himayəyə verilən uşağın yaş fərqi necə tənzimlənir?
Himayədar valideyn olmaq istəyən nikahda olmayan şəxslə himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
Himayədar ailəyə uşaq təyin olunan zaman fikri nəzərə alınırmı?
7 yaşına çatmış uşaq himayədar ailəyə onun fikri nəzərə alınmaqla, 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilir.
Himayədar ailə nədir?
Valideyn himayəsindən məhrum olmuş uşaqların müvəqqəti və ya uzunmüddətli dövrdə ailə şəraitində böyüməsi üçün yaradılan ailə institutudur.
Himayədar ailə modeli uşaqların uşaq evlərində böyüməsi ilə müqayisədə hansı üstünlüklərə malikdir?
Ailə mühitində uşaqlar daha çox sevgi, fərdi qayğı və sosial bacarıqlar qazanırlar. Uşaq evlərində isə uşaqlar kütləvi sistemdə böyüyür və fərdi inkişaf çətinləşir.
Himayədar ailədə böyüyən uşağın gələcək hüquqi statusu necə müəyyən olunur?
Uşaq dövlətin himayəsində qalır. Əgər bioloji valideynlər geri götürmürsə və övladlığa verilmirsə, yetkinlik yaşına çatana qədər himayədar ailədə qala bilər.
Himayədar ailə ilə bağlanmış müqavilənin müddəti bitərsə uşağın talehi necə həll edilir?
Uşaq başqa himayədar ailəyə, ya uşaq evinə yerləşdirilir, ya da bioloji ailəsinə qaytarılır.
Himayədar ailənin əsas məqsədi nədir?
Uşağın sağlam mühitdə böyüməsini təmin etmək, onun təhsilini, tərbiyəsini və sosial adaptasiyasını dəstəkləmək.
Himayədar ailə uşağa hansı üstünlükləri qazandırır?
1. Ailə mühitində böyümək;
2. Psixoloji dəstək və sevgi hissi;
3. Təhsil və sosial bacarıqların inkişafı;
4. Cəmiyyətə daha yaxşı uyğunlaşma.
Övladlığa götürülən uşaq əvvəlki ailəsi ilə hüquqi əlaqəsini saxlayırmı?
Xeyr, övladlığa götürülmə ilə uşağın əvvəlki valideynləri ilə hüquqi əlaqəsi qapanır.
Valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxslərə hansı məbləğdə sosial müavinət təyin edilir?
Hər uşaq üçün 240 AZN
Valideyn himayəsindən məhrum olmuş 0-18 yaş arası əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxslərə hansı məbləğdə sosial müvainət təyin edilir?
Hər uşaq üçün 600 AZN
Valideynlərini itirmiş uşaqlar kimlərdir?
Hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar kimlərdir?
Hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan:
1. Məlum olmayan;
2. Valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər;
3. Xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən şəxslər;
4. Cəzaçəkmə müəssisələrində cəzasını çəkən şəxslər;
5. Uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən şəxslər;
6. Uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən şəxslər;
7. Qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər;
8. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya yuxarıda nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid şəxs olan 18 yaşınadək şəxslər.
Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilməsi üçün necə müraciət etmək olar?
Valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirilməsi üçün "e-social" internet portalının "e-Xidmətlər" bölməsində "Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlar sahəsində göstərilən xidmətlər" xidməti seçilir və "Valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrə yerləşdirilməsi və həmin müəssisələrdən götürülməsi ilə bağlı müraciətlərin qəbul edilməsi" hissəsinə daxil olunaraq müraciət formalaşdırılır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar hansı hallarda dövlət müəssisələrinə yerləşdirilir?
Uşağın himayəsini qohumları və ya qəyyum təyin edilmiş şəxslər üzərinə götürə bilmirsə, uşaq dövlətin himayəsinə verilir və uşaq evi, internat məktəbi və ya sosial xidmət müəssisəsinə yerləşdirilir.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar müəssisədə nə qədər müddət qala bilərlər?
Uşaq ailəyə qaytarılana, övladlığa götürülənə və ya 18 yaşı tamam olana qədər müəssisədə qala bilər.Təhsilini davam etdirən uşaqlar isə təhsili başa çatana qədər dövlət təminatında saxlanılır.
Yenilənmə tarixi: 13.07.2025