Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, e-social.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

FAQ

İşəgötürən göndərişin nəticəsi barədə məlumatları hansı müddətdə elektron sistemə daxil etməlidir?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli bölmələrinin və "DOST" Mərkəzlərinin göndərişi təqdim etdiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və məşğulluq" altsisteminə daxil etməlidir.

İşsizlikdən sığorta ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün nə qədər sığorta stajı tələb olunur?

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti sığorta hadisəsi üzrə sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur.

İşaxtaran və işsiz kimi qeydiyyata alınmaq üçün necə və hansı quruma müraciət edilməlidir?

Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar. Şəxs elektron ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda işaxtaran ("Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallar (işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılma halları) istisna olmaqla) kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.

İşləyən şəxs "Əmək və məşğulluq" altsistemində işaxtaran kimi qeydiyyatdan keçə bilərmi?

Bəli, işaxtaran kimi qeydiyyatdan keçərək başqa münasib işlər axtara bilər.

Əsas sığorta ödənişi təyin edilən şəxs üçün onun orta aylıq əməkhaqqının məbləğinə hansı faiz dərəcələri tətbiq edilir?

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən əmək müqaviləsi xitam verilmiş şəxslərə münasibətdə isə minimum sığorta ödənişi məbləğində hesablanır.

Şəxsin işsiz kimi qeydiyyata alınması qaydası necədir?

Şəxs "Məşğulluq haqqında" Azərbaycan Respublikası qanununun 5.2-ci maddəsində (Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar) nəzərdə tutulmuş ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda işaxtaran (bu Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.

Hansı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır?

1. Hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
2. Barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
3. İşaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində məşğulluq mərkəzi təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.

İşsizlikdən sığorta üzrə sığorta tarifləri necə müəyyən edilir?

Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

İşsizlikdən sığorta ödənişi hansı tarixdən hesablanır?

Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi aydan sonrakı ayın ilk günündən hesablanır.

Peşə hazırlığı kurslarında təhsil müddəti nə qədərdir?

Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir.

Hansı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir?

1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;
2. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;
3. Vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
4. Təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;
5. İşsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə;
6. Təhsil müəssisəsinə əyani qəbul olunduqda;
7. fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə; 
8. fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununan 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.

İşsizlikdən sığorta ödənişinin müddəti nə qədərdir?

Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisi dəyişdikdə,  əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində  çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edildikdə isə 3 ay müddətinə təyin edilir, həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.

Məşğulluq haqqında qanun kimlərə şamil edilir?

1. Azərbaycan Respublikası vətəndaşlarına; 
2. Azərbaycan Respublikasında yaşayan əcnəbilərə (daimi və ya müvəqqəti yaşama icazəsi olanlara); 
3. Vətəndaşlığı olmayan şəxslərə (daimi və ya müvəqqəti yaşama icazəsi olanlara).

Haqqı ödənilən ictimai iş dedikdə nə başa düşülür?

Müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

İctimai işlərə cəlb olunan şəxslərə nə qədər əmək haqqı verilir?

Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz və işaxtaran şəxslərin əməyinin ödənişi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Haqqı ödənilən ictimai işlər kimlər üçün münasib iş sayılır?

1. 3 ildən artıq işləməyənlər, peşəsi (ixtisası) olmayanlar;
2. Peşə hazırlığından imtina edənlər;
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya "DOST" Mərkəzlərində 24 aydan çox qeydiyyatda olanlar.

Aktiv məşğulluq tədbirləri hansılardır?

İşaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlərdir.

İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda təqaüd ala bilərmi?

Xeyr, işsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir.

Sosial iş yerlərinin təşkili zamanı kimlərə üstünlük verilir?

Sosial iş yerlərinin təşkili zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük verilir.

Münasib iş nədir?

Şəxs üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.

Əmək yarmarkalarının təşkili formaları hansılardır?

  1.  İqtisadiyyatın bütün sahələrini əhatə edən peşə və ixtisaslar üzrə ümumi yarmarkalar;
  2. Ayrı-ayrı regionlar üzrə yerli əmək bazarının tələblərinə uyğun keçirilən mini yarmarkalar;
  3.  Əmək bazarının tələbləri nəzərə alınmaqla, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış yarmarkalar.

Kimlər məşğul şəxs sayılır?

1. Muzdla işləyənlər - Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;
2. Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;
3. Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;
4. Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;
5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;
6. Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;
7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlar;
9. Xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər.

Kimlər işsizlikdən sığorta ödənişi ala bilər?

1. Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsi-nin 70-ci maddəsinin a və b bəndlər, “Dövlət qulluğu haqqında” AR qanunun 33.1.2-ci və 33.1.3-cü bəndlər),
2. Əmək müqaviləsinin müddəti qurtarması (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndi, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən), 
3. Müəssisənin mülkiyyətçisi dəyişməsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndi), 
4. Əvvəllər müvafiq işdə  çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olması (Azərbaycan Respublikasının Əmək Məcəlləsiək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndi), 
5. Əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən əmək münasibətlərinə xitam verilmiş və "Əmək və məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişi ala bilərlər.

Peşə hazırlığı kurslarında təkrar iştirak etmək mümkündürmü?

Peşə hazırlığını bitirən şəxslər əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə yenidən peşə hazırlığına cəlb oluna bilər.

İşaxtaran və işsiz şəxslər üçün peşəyönümü məsləhəti xidməti hansı orqan tərəfindən təşkil edilir?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” Mərkəzləri  tərəfindən təşkil edilir.

Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramında iştirak etmək istəyən işəgötürənlər üçün hansı şərtlər qoyulur?

Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla, son 1 (bir) ildə fəaliyyətdə olan, habelə Agentlik tərəfindən əmək bazarının təhlili əsasında müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan hər bir işəgötürən sosial iş yerləri üzrə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üçün müraciət edə bilər.

İşçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə neçə faiz kvota tətbiq olunur?

İşçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla) kvota tətbiq olunur.

Fərdi məşğulluq proqramı nədir?

İşsiz, habelə “Məşğulluq haqqında” Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəddir.

Minimum aylıq əməkhaqqı nə qədərdir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqı 400 manata çatdırılmışdır.

Özünüməşğulluğa cəlb olunmuş şəxslərə əmlak hansı müddətə verilir?

Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

Haqqı ödənilən ictimai işlərlə bağlı müqavilənin bağlanmasında kimlər üstün hüquqa malikdir?

İşsizlikdən sığorta ödənişi almayan  şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər.

Şəxsin peşə hazırlığına cəlb olunduğu müddət ümumi əmək stajına daxil edilirmi?

Qanunla müəyyən edilmiş qaydada şəxsin peşə hazırlığına cəlb olunduğu müddət ümumi əmək stajına daxil edilir.

İşsizlikdən sığorta ödənişi alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilə bilərmi?

Xeyr, işsizlikdən sığorta ödənişini alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər.

İşsizlikdən sığorta ödənişinin hansı növləri vardır?

1. Əsas sığorta ödənişi;
2. Sığorta ödənişinə əlavə;
3. Minimum sığorta ödənişi.

Özünəməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə nə ola bilər?

Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin dövri monitorinqi zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin hesabına köçürməlidir.

Haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxlərlə müqavilə hansı müddətə bağlanır?

İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə müqavilə bağlanılır.

Özünüməşğulluq nədir?

Özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir.

Peşə hazırlığına cəlb edilmiş şəxslərə ödənilən təqaüdün məbləği nə qədərdir?

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd ödənilir.

Peşəyönümünə dair məsləhət xidməti nədir?

Peşəyönümü məsləhət xidməti gənclərin (təhsil müəssisələrinin tələbə və şagirdlərinin, habelə onların valideynlərinin), işaxtaran və işsiz şəxslərin peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş aktiv məşğulluq tədbiridir.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına kimlər daxildir?

1. əlilliyi olan şəxslər,
2. şəhid ailəsinin üzvləri,   
3. 20 yaşadək gənclər, 
4. 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, 
5. pensiya yaşına iki ildən az qalmış şəxslər, 
6. cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, 
7. məcburi köçkünlər.

Sosial iş yerlərinə əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi hansı müddətdə maliyyələşdirilir?

Sosial iş yerlərində 6 (altı) aydan az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək müqaviləsinin müddətinin yarısı qədər, lakin 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.

Hansı hallarda əsas sığorta ödənişinə 1,2 əmsalı tətbiq edilir?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış "İşsizlikdən sığorta haqqında" Qanunun 13.2.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur

Haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxlərlə bağlanan müqavilə müddəti artırıla bilərmi?

Bəli, zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər.

Hansı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir?

1. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən məşğul hesab edilən şəxslər;
2. 15 yaşına çatmayanlar;
3. təhsil müəssisəsində əyani təhsil alanlar;
4. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;
5. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi  hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində;

Əsas sığorta ödənişi hansı hallarda təyin edilir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci maddəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddəti qutardıqda) işdən azad olunarsa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) və b) bəndlərinə (dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə), “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2 və 33.1.3-cü maddələrinə (Dövlət orqanı ləğv edildikdə və dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə), 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə ( əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda), 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə (əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə) əsasən işdən azad olunan ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə

Peşə hazırlığı nədir?

İşaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün bu Qanunun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.

Peşə hazırlığının təşkili zamanı kimlər üstün hüquqa malikdir?

1. 3 ildən artıq işləməyənlər, 
2. Peşəsi (ixtisası) olmayanlar 
3. Şəhid ailəsinin üzvləri

İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə neçə faiz kvota tətbiq olunur?

İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur.

İşsizlikdən sığorta ödənişinin verilməsi hansı hallarda dayandırılır?

1. "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə;
2. sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan icra etmədikdə;
3. sığorta ödənişini alan şəxs "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda;
4. sığorta ödənişini alan şəxs üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə;
5. sığorta ödənişini alan şəxs ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;
6. sığorta ödənişini alan şəxs sığorta ödənişi aldığı dövrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermədən işə düzəldikdə;
7. sığorta ödənişini alan şəxs Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərini və müddətlərini pozduqda;
8. sığorta ödənişini alan şəxs qanunla müəyyən olunmuş qaydada işə bərpa edildikdə;
9. sığorta ödənişi alan şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda;
10. sığorta ödənişi alan şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
11. sığorta ödənişi alan şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
12. sığorta ödənişi alan şəxsə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə əmək pensiyası təyin edilmək üçün əsaslar yarandıqda;
13. sığorta ödənişi alan şəxsə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yaşa görə müavinət təyin edilmək üçün əsaslar yarandıqda;
14. sığorta ödənişi alan şəxs tərəfindən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;
15. sığorta ödənişi alan şəxs vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
16. sığorta ödənişini alan şəxs tərəfindən işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə

Sığorta ödənişi hansı faiz dərəcələrinə mütənasib şəkildə ödənilir?

1. İlk 2 təqvim ayı üçün -100 faiz;
2. 3-4-cü aylar üçün -80 faiz;
3. 5-6-cı aylar üçün-70 faiz.

Şəxsin işaxtaran kimi qeydiyyata alınması qaydası necədir?

15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün “Elektron hökumət” və ya “e-Sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə, “Əmək və Məşğulluq” altsistemində (ƏMAS)  “Müraciət-Ərizə”ni dolduraraq təsdiq etməlidir. Müraciət ƏMAS tərəfindən qəbul edildikdən sonra həmin şəxs işaxtaran kimi qeydiyyata alınır və bu barədə məlumat ƏMAS tərəfindən işaxtaranın elektron kabinetində yerləşdirilir.

Kimlər peşə hazırlığına ödənişsiz cəlb edilir?

  1.  İşsiz şəxslər;
  2.  “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər;
  3.  il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslər.

Fərdi məşğulluq proqramının yerinə yetirilməsi barədə hesabat hansı müddətdə təqdim edilməlidir?

Fərdi məşğulluq proqramının icrası barədə hesabat Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi tərəfindən hər ay üçün formalaşdırılır (2 nömrəli əlavə). İşsiz şəxsi elektron kabinetinə daxil olaraq sistemdə hesabatı həmin ayın sonuncu iş günü bitənədək elektron qaydada təsdiqləyərək təqdim edir. Hesabatın son təsdiq edilmə günü istirahət günü (bayram günü, iş günü olmayan digər günlər) ilə üst-üstə düşərsə, hesabat sonrakı iş günündə təsdiq edilə bilər.

Peşə hazırlığına cəlb olunan şəxslərə nəqliyyat xərci hansı hallarda ödənilir?

Bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

İşsiz şəxs kimdir?

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli bölmələrində və ya  "DOST" Mərkəzlərində  işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

Məşğulluq nədir?

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin  Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.

Sosial iş yerlərində işçilərin əməkhaqqının hansı hissəsi maliyyələşdirilir?

Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə ortaaylıq nominal əməkhaqqından çox olmamaq şərtilə işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların (əməyin ödənişi fondundan hesablanan məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqı) 50 faizini təşkil edir.

İşsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətə baxılma müddəti nə qədərdir?

Şəxsin müraciətinə 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır və bu barədə müraciət etmiş şəxsə məlumat verilir.

Müəssisədə sosial iş yerlərinin say həddi nə qədər müəyyən olunmuşdur?

Hər bir işəgötürən üzrə sosial iş yerlərinin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20 faizindən, lakin hər bir işəgötürən üzrə 30 sosial iş yerindən çox olmamalıdır.

Özünüməşğulluq proqramının təşkili hansı mərhələlərdən ibarətdir?

Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:
1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;
2. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi;
3. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;
4. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;
5. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz və işaxtaran şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra – əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 
6. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi.

Sosial iş yeri dedikdə nə nəzərdə tutulur?

İşaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənin  vakansiya bankına təqdim olunmuş boş iş yeri üzrə işçinin əməkhaqqının bir hissəsinin mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən iş yeri nəzərdə tutulur.

Özünüməşğulluğa kimlər cəlb edilir?

İşsiz, habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər cəlb edilir.

İşaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı bərpa edilirmi?

İşaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.

Peşəyönümünə dair məsləhət xidmətləri hansılardır?

1. Əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırma;
2. Mövcud peşə və ixtisas üzrə işlə təmin edilmə və ya peşə hazırlığına cəlb olunma imkanları barədə məlumatlandırma;
3. Şəxsin sosial-psixoloji xüsusiyyətləri, peşə, bilik, bacarıq və səriştələri, sağlamlıq vəziyyəti nəzərə alınaraq, əmək bazarının tələbatı əsasında ona iş yerinin və peşənin seçimində köməklik göstərilməsi.

İşaxtaran şəxs kimdir?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli bölmələrinə və ya  "DOST" Mərkəzlərinə münasib iş üçün və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir.

Peşə hazırlığına cəlb olunmuş şəxsə verilən təqaüd hansı hallarda dayandırılır?

1. İşsiz kimi qeydiyyatı ləğv edildikdə;

2. İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;

3. Təhsil müəssisəsindən xaric olunduqda;

4. İşaxtaran kimi qeydiyyatı ləğv edildikdə;

5. İşaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda.

Hansı hallarda işəgötürən əməkhaqının maliyyələşdirilməsi proqramından uzaqlaşdırılır?

Müqavilə müddətində (sınaq müddəti müəyyən edildiyi halda sınaq müddəti istisna olmaqla) işçinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “ç” bəndləri istisna olmaqla işəgötürənin təşəbbüsü ilə xitam verilərsə, həmin iş yeri üzrə yeni göndəriş rəsmiləşdirilmir.

İşsizlikdən sığorta ödənişinin təyinatı üçün müraciət edən vətəndaş gəlirləri barədə arayış təqdim etməlidir?

İşsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müvafiq məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemləri vasitəsilə  əldə edilir.İşsiz şəxs şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə "DOST" mərkəzlərinə və ya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli bölmələrinə müraciət etməklə işsizlikdən sığorta ödənişi üçün müraciət edə bilər.

İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı zamanı nə etməlidir?

İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatı “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə ƏMAS-da formalaşdırılmış “Vakansiya Bankı”na daxil edirlər.

Hansı növ işlər haqqı ödənilən ictimai iş hesab edilir?

1. şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması;
2. yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri; 
3.yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi;
4. kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər;
5. təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri;
6. qocalara, əlilliyi olan şəxslərə qulluq; 
7. digər sosial əhəmiyyətli işlər.

İşsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün minimum sığorta stajı tələbi nə qədərdir?

Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə ən azı 1 il ümumi sığorta stajı, əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edildikdə sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajı tələb olunur.

Əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən azad edildikdə işsiz şəxsə nə qədər sığorta ödənişi təyin edilir?

Minimum aylıq əməkhaqqı məbləğində minimum sığorta ödənişi təyin edilir.

Əlavə sığorta ödənişi dedikdə nə başa düşülür?

İşsizlikdən sığorta ödənişi alanın himayəsində 18 yaşına çatmamış uşaq olduqda (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) onun əsas sığorta ödənişinə hər uşağa görə 5 faiz olmaq şərtilə ödənilən əlavə nəzərdə tutulur.

Sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkənlər üzrə kvota şamil olmayan müəssisələr hansılardır?

1. Dövlət orqanları;
2. Mərkəzi və ya yerli seçkili orqanlar(seçki yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
3. Elm və təhsil müəssisələri(elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla);
4. İşçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müsəsissələr;
5. Hərbi qurumların, hüquq mühafizə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və prokurorluq orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyəşdirilən struktur bölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları.

İşçilərinin sayı 100-dən çox olan müəssisələrdə neçə faiz kvota tətbiq olunur?

İşçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulur.

İşaxtaran və işsiz şəxslərə eyni münasib işin təkrar təklif edilməsinə yol verilirmi?

Xeyr. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və işsiz şəxslərə eyni münasib işin təkrar təklif edilməsinə yol verilmir.

Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün məbləği və ödənilməsi necə həyata keçirilir?

Peşə hazırlığına cəlb olunan şəxsə təqaüdün ödənişi tədris prosesi başladıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla təhsil aldığı dövrdə minimum aylıq əmək haqqının 50% miqdarında ödənilir.

Özünüməşğulluq proqramına cəlb edilmiş şəxsin aktivlərlə təmin edilmə prosesi necə həyata keçirilir?

Özünüməşğulluğa cəlb olunmuş şəxslə Agentliyin müvafiq yerli qurumları və ya DOST mərkəzləri arasında 1 (bir) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən həmin əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, habelə həmin əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir. Müqavilə imzalandıqdan sonra ən geci 10 (on) iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.

Hansı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir?

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" Mərkəzlərinin göndərişi əsasında münasib işlə təmin olunduqda;
2. Vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
3. Təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;
4. İşaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə.
5. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə;
6. "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı hər ay həmin ayın sonuncu iş günü bitənədək təqdim etmədikdə.

Hansı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır?

1. Hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
2. Barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
3. Ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində.

Özünüməşğulluğun təşkili zamana kimlərə üstünlük verilir?

1. Ünvanlı dövlət sosial yardımı alan şəxslərə; 
2. Əlilliyi olan şəxslərə; 
3. Şəhid ailəsinin üzvlərinə; 
4. Bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara; 
5. Pensiya yaşına iki ildən az qalmış şəxslərə; 
6. Cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə.

Sığortaolunanın əməkhaqlarının maliyyələşdirilməsi proqramında iştirak etmək istəyən işəgötürənlər hansı formada müraciət edə bilər?

İşəgötürən “Elektron hökumət” və ya “e-Sosial” portallarının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Əmək və Məşğulluq” altsistemində “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi” Qaydasının 1 nömrəli əlavəsinə uyğun olaraq “Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi üçün Ərizə”ni dolduraraq təsdiq etməlidir.

Əmək birjası nədir?

Hüquqi və ya fiziki şəxslərdən daxil olan sifarişlər əsasında işsiz və işaxtaran şəxslərin müvəqqəti məşğulluğunun təmin olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən elektron qaydada həyata keçirilən xidmətdir.

Əmək yarmarkası dedikdə nə başa düşülür?

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir.

Haqqı ödənilən ictimai işlərin maliyyə mənbələri nədir?

İctimai işlər bu işləri gördürən müəssisələrin vəsaiti hesabına və ya “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.3-cü maddəsinə uyğun olaraq işsizlikdən sığorta vəsaiti, habelə qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə hansı xidmətlər göstərilir?

1. Karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir;

2. Peşə seçiminə istiqamətləndirilir;

3. Peşə hazırlığına cəlb edilir;

4. Haqqı ödənilən ictimai işlərə cəlb edilir;

5. İş yerlərinə göndəriş verilir.

Özünüməşğulluq proqramı çərçivəsində verilən avadanlıqlardan üzrlü səbəb olmadan istifadə etmədikdə geri qaytarılırmı?

Özünüməşğulluğa cəlb olunmuş şəxs ona “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı)  ay müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

Özünüməşğulluğun təşkili və müraciəti hansı quruma edilməlidir?

İşsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qrumlarına və ya DOST mərkəzlərinə müraciət edə bilər.

Haqqı ödənilən ictimai işlərdə çalışan şəxsin əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə əlaqədar xitam verildikdə ona işsizlikdən sığorta ödənişi təyin olunur?

Xeyr, "İşsizlikdən sığorta haqqında" Qanunun 13.2.3-cü maddəsinə əsasən haqqı ödənilən ictimai işlər istisna təşkil edir.

Məqsədli proqramlar dedikdə nə başa düşülür?

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədilə iş yerlərinin yaradılmasının "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsini nəzərdə tutan aktiv məşğulluq tədbiridir.

Vətəndaş peşə kurslarında təhsil aldlğı müddət ərzində yarım ştat olmaqla əmək fəaliyyətinə cəlb edilirsə, bu hal kursdan kənarlaşdırımaya əsas verir?

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununun 4.1.1 maddəsinə əsasən məşğul şəxs hesab edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 251 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüdün ödənilməsi" Qaydasının 3.1. maadəsinə əsasən peşə hazırlığına cəlb olunmuş şəxsə verilən təqaüd də dayandırılır.

İşaxtaran və işsiz şəxslər peşə hazırlığı ilə bağlı hansı qurumlara müraciət etməlidir?

İşaxtaran və işsiz şəxslər peşə hazırlığı ilə bağlı Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzlərinə yaxınlaşmaqla müraciət edə bilərlər.

İşaxtaran və işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğv edilməsi barədə məlumatı necə əldə etmək olar?

Məşğulluq haqqında qanunun 5.15-ci bəndinə əsasən şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlarda, fərdi məşğulluq proqramında və fərdi məşğulluq vərəqində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur

Yenilənmə tarixi: 11.07.2025