FAQ
Sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi necə həyata keçilir?
Sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.
Birdəfəlik ödəmə alacaq şəxs bank kartını necə əldə edə bilər?
Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödəniləcək. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər.
Birdəfəlik ödəmə almaq hüququnun yoxlanılması necə aparılır?
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsinin "Şəhid ailələrinə birdəfəlik ödəmə" bölməsindən "Birdəfəlik ödəməni almaq hüququnun yoxlanılması xidməti"nə daxil olaraq yoxlamaq mümkündür.
1997-ci il avqustun 2-dək olan dövrə aid xidmətlə əlaqədar xəsarət almış, lakin əlilliyi 1997-ci ildən sonra müəyyən edilmiş şəxslərə və ya onların vərəsələrinə birdəfəlik sığorta ödənişi veriləcəkmi?
Əlilliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları və ya onların vərəsələri əlilliyin müəyyən edilməsi tarixindən asılı olmayaraq birdəfəlik ödəniş almaq hüququna malikdirlər.
Birdəfəlik ödəmə ilə bağlı vətəndaşın vərəsəsi müraciət etdikdə nə etməli?
Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsi;
2. Vəfat etmiş şəxsə aid tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı);
3. Vəfat etmiş şəxsə aid əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar və ya 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyin müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış;
4. Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;
5. Vərəsəlik hüququ haqqında şəhadətnamə;
6. Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə qərar müraciət edən şəxsə neçə gün müddətində göndərilir?
5 (beş) iş günü müddətində müraciət edən şəxsə göndərilir.
Dövlət icbari şəxsi sığorta ödənişləri hansı kateqoriyadan olan şəxslərə şamil edilir?
• Hərbi qulluqçular;
• Məhkəmə və hüquq mühafizə orqanları işçiləri;
• Milli Məclisin deputatları;
• Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşları.
1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödənişə müraciət etmə qaydası necədir?
Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvləri nazirliyin saytında “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” bölməsinə ordan isə “1997-ci il avqustun 2-dək xəsarət almış müharibə əlillərinə birdəfəlik ödəmə” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər. Axtarışın nəticəsi olaraq “Şəhid hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ vardır” cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir. Şəhid hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsəsi tərəfindən notariat kontoruna bu sənədlər təqim olunur: - hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə; - hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edildiyi təqdirdə, bu barədə məhkəmə qərarı; - birdəfəlik ödəmənin verilməsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına ünvanlanan ərizə. Ərizə forması notariat orqanından əldə edilir; - bank hesabı nömrəsinə dair arayış. Vərəsənin bank hesabı olmadıqda, o istənilən bankda öz adına hesab açır və bank hesabı nömrəsinə dair arayış alır. Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s.
Sənədlər müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) əldə edilməsi mümkün olmadığı hallarda nə etmək lazımdır?
Həmin sənədlər ərizəçi tərəfindən kağız daşıyıcılarda təqdim edilir.
Ödənişlə bağlı müraciət edən şəxsin əlillik dərəcəsi dəyişdiyi halda hansı əlillik dərəcəsinə görə təyinat aparılacaq?
Həmin şəxslərə birdəfəlik ödəmə müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir.
Sığorta ödənişini almaq hüququna kimlər malikdir?
Sığorta ödənişini almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılması, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən işçilər, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin rəhbəri, digər diplomatik xidmət əməkdaşları, inzibati-texniki xidmət əməkdaşları.
Yeni sığorta hadisəsi baş verdikdə sığorta ödənişi hansı formada ödənilir?
Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə müvafiq sığorta ödənişi əvvəl ödənilmiş məbləğ nəzərə alınmaqla ödənilir.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin rəhbəri, digər diplomatik xidmət əməkdaşları, inzibati-texniki xidmət əməkdaşlarına münasibətdə sığorta hadisələri hansılardır və həmin hadisələrə görə hansı faiz nisbətində sığorta ödənişi verilir?
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin rəhbəri on bir min manat, digər diplomatik xidmət əməkdaşları altı min altı yüz manat, inzibati-texniki xidmət əməkdaşları isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə bu sığorta ödənişi müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərinə əsasən verilir.
- həlak olması (vəfat etməsi) - 100 faiz;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə- 80 faiz;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə- 60 faiz;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz;
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz;.
- az ağır (yaralanma, travma, kontuziya) aldıqda - 15 faiz;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz.
Dövlət icbari şəxsi sığorta ödənişinin icrası barədə müraciət edən şəxsə neçə gün müddətində məlumat verilir?
3 (üç) iş günü müddətində müraciət edən şəxsə bildiriş göndərilir.
Dövlət icbari şəxsi sığortası üzrə birdəfəlik ödəmə üçün hərbi qulluqçuların, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, deputatların və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının həlak olması (ölüm) halında tələb olunan sənədlər hansılardır?
1.Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd;
2.Sığortaolunanın ölümü haqqında şəhadətnamə;
3.Vərəsəlik hüququ haqqında şəhadətnamə;
4.Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (1 nömrəli əlavənin-əsli).
5.Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Dövlət icbari şəxsi sığortası üzrə birdəfəlik ödəmə üçün hərbi qulluqçunun xəbərsiz itkin düşmə və məhkəmə qərarı ilə ölmüş elan edilmə halında tələb olunan sənədlər hansılardır?
1.Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd;
2.Sığortaolunanın ölümü haqqında şəhadətnamə;
3.Vərəsəlik hüququ haqqında şəhadətnamə;
4.Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (1 nömrəli əlavənin-əsli);
5.Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi;
6.Sığortaolunanın itkin düşmüş hesab edilməsi və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
7.Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Dövlət icbari şəxsi sığortası üzrə birdəfəlik ödəmə üçün hərbi qulluqçuların, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, deputatların və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının əlillik halında tələb olunan sənədlər hansılardır?
1.Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd;
2.Şəxsin əlilliyini müəyyən edən tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;
3.Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (1 nömrəli əlavənin-əsli).
4.Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Birdəfəlik ödəniş ilə bağlı müraciət edən şəxsin məlumatlarının HHETŞ altsistemdə olduğu və əlilliyi barədə sənədi kağız daşıyıcıda təqdim etdiyi halda nə etməli?
Vətəndaşın kağız daşıyıcıda təqdim etdiyi əlillik barədə sənədin təsdiqlənməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir və təsdiqləndikdən sonra ödəniş proaktiv qaydada edilir.
Sığortaçı hansı hallarda sığorta ödənişinin verilməsindən imtina edə bilər?
- Sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda; sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda.
Milli Məclisin deputatlarına münasibətdə sığorta hadisələri hansılardır və həmin hadisələrə görə hansı faiz nisbətində sığorta ödənişi verilir?
Qanuna uyğun olaraq hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə bu sığorta ödənişi müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərinə əsasən verilir.
- həlak olduqda (vəfat etdikdə) - 100 faiz;
- deputatlıq müddətində aldığı xəsarət nəticəsində sığortaolunan deputatlıq səlahiyyəti müddəti başa çatdıqdan sonra 3 il müddətində vəfat etdikdə - 100 faiz;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə- 60 faiz;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz;
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz;
- az ağır (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz.
1997-ci il avqustun 2-dək olan xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər və ya onların vərəsələri sığorta ödənişi ala bilərmi?
Sonradan reabilitasiya olunmuş şəxslər və ya onların vərəsələri sığorta ödənişi almaq hüququna malikdirlər.
Dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi hansı qurum tərəfindən həyata keçirilir?
Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə DSMF-də formalaşan sığorta vəsaiti hesabına DSMF təmin edir.
Dövlət icbari şəxsi sığorta ödənişi müraciət olunduğu vaxtdan neçə gün müddətində sığorta ödənişi almaq hüququ olan şəxsə ödənilir?
10 (on) iş günü müddətində ödənilir.
1997-ci il avqustun 2-dək olan dövrdə xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş və əvvəllər az məbləğdə sığorta ödənişi almış şəxslər və ya onların vərəsələri yenidən sığorta ödənişi ala bilərmi?
Əvvəllər az məbləğdə sığorta ödənişi almış şəxslərə fərq məbləğində birdəfəlik ödəniş veriləcək.
Azərbaycan Respublikasından kənarda fəaliyyətini davam etdirən sığortaolunanlar hara müraciət edə bilər?
Azərbaycan Respublikasından kənarda fəaliyyətini davam etdirən sığortaolunanlar konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə DSMF-nin Aparatına.
Ödənişlə bağlı müraciət edən şəxsin əlillik səbəbi dəyişdiyi halda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəaları ona şamil ediləcək?
Vətəndaşın əlillik səbəbi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində müəyyən edilmişdirsə şamil olunur.
Sığortalı qurumlar dedikdə hansı qurumlar nəzərdə tutulur?
1. Müdafiə Nazirliyi;
2. Daxili İşlər Nazirliyi;
3. Xarici İşlər Nazirliyi;
4. Ədliyyə Nazirliyi;
5. Fövqəladə Hallar Nazirliyi;
6. İqtisadiyyat Nazirliyi;
7. Dövlət Təhlükəsizliyi Xidməti;
8. Xarici Kəşfiyyat Xidməti;
9. Dövlət Sərhəd Xidməti;
10. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
11. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
12. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi;
13. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
14. Dövlət Miqrasiya Xidməti;
15. Dövlət Gömrük Komitəsi;
16. Baş Prokurorluq;
17. Milli Məclis;
18. Azərbaycan Respublikasının məhkəmələri.
Məhkəmə və hüquq mühafizə orqanları işçilərinə münasibətdə sığorta hadisələri hansılardır və həmin hadisələrə görə hansı faiz nisbətində sığorta ödənişi verilir?
Məhkəmə və hüquq mühafizə orqanları işçiləri 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə bu sığorta ödənişi müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərinə əsasən verilir. - həlak olduqda (vəfat etdikdə) - 100 faiz;
- xidmət zamanı aldığı xəsarətlə və ya xəstəliklə əlaqədar xidmətdən çıxdıqdan sonra üç il müddətində öldükdə - 100 faiz;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz;
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz;
- az ağır (yaralanma, travma, kontuziya) aldıqda - 15 faiz;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz.
Dövlət icbari şəxsi sığorta üçün müraciətlər hansı qurumlarda qəbul edilir?
• DSMF-nin Qəbul Mərkəzində;
• DSMF-nin Regional Filiallarında;
• “DOST” mərkəzlərində;
• Məlumatlarının məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar və onların vərəsələri birbaşa DSMF-nin Aparatında.
Dövlət icbari şəxsi sığortası üzrə birdəfəlik ödəmə üçün hərbi qulluqçuların, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, deputatların və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının xəsarət və ya xəstəlik nəticəsində 3 il müddətində ölüm halında tələb olunan sənədlər hansılardır?
1.Vərəsənin (vərəsələrin) şəxsiyyətini təsdiq edən sənəd ;
2.Sığortaolunanın ölümü haqqında şəhadətnamə;
3.Vərəsəlik hüququ haqqında şəhadətnamə;
4.Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (1 nömrəli əlavənin-əsli);
5.Tibb müəssisəsinin həkim-məsləhət komissiyasının rəyi (əsli);
6.Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
1997-ci il avqustun 2-dək xəsarət almış müharibə əlillərinə münasibətdə proaktiv təyinatla bağlı birdəfəlik ödəmə alacaq şəxslərin siyahısında olmayan vətəndaş hara müraciət etməlidir?
Vətəndaş xəsarəti ilə bağlı məlumatın e-sistemə daxil edilməsi üçün xidmət etdiyi qurumun hərbi həkim komissiyasına müraciət etməlidir.
Birdəfəlik ödəmə hansı əlillliyi müəyyən edilmiş şəxslərə şamil edilir?
Vətəndaşın əlillik səbəbi 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində müəyyən edilmişdirsə şamil olunur.
Dövlət icbari şəxsi sığortası üzrə birdəfəlik ödəmə üçün hərbi qulluqçuların, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, deputatların və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının ağır, az ağır və yaxud yüngül dərəcəli xəsarət alması halında tələb olunan sənədlər hansılardır?
1.Sığortaolunanın şəxsiyyətini təsdiq edən sənəd;
2.Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış (1 nömrəli əlavənin-əsli);
3.Xəsarətin dərəcəsinə və səbəbinə dair arayış (2 nömrəli əlavənin əsli);
4.Müraciət nümayəndə vasitəsilə edildikdə nümayəndənin şəxsiyyət vəsiqəsi və onun səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə və ya şəxsin qəyyum (himayəçi) olmasını təsdiq edən sənəd).
Dövlət icbari şəxsi sığorta nədir?
Sığortaolunanların həyat və sağlamlığının mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir.
Hərbi qulluqçulara münasibətdə sığorta hadisələri hansılardır və həmin hadisələrə görə hansı faiz nisbətində sığorta ödənişi verilir?
Hərbi qulluqçular 11000 manat məbləğində sığorta edilirlər. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə bu sığorta ödənişi müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərinə əsasən verilir.
- həlak olduqda (vəfat etdikdə) - 100 faiz;
- xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz;
- xidmət zamanı aldığı xəsarətlə və ya xəstəliklə əlaqədar xidmətdən çıxdıqdan sonra üç il müddətində öldükdə - 100 faiz;
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80 faiz;
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60 faiz;
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40 faiz;
- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz;
- az ağır (yaralanma, travma, kontuziya) aldıqda - 15 faiz;
- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz.
Şəhid statusu olan mülki vətəndaşlara dövlət icbari şəxsi sığorta ödənişi (11 min manat) ödənilirmi?
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanınına və Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanuna əsasən dövlət icbari şəxsi sığorta ödənişi şəhid statusu olan hərbi qulluqçulara ödənilir.
Dövlət icbari şəxsi sığorta ödənişi müddətli həqiqi hərbi xidmət qulluqçularına şamil edilir?
Bəli, şamil edilir.
Yenilənmə tarixi: 12.07.2025